Hümbətov Yusif Əbülfət oğlu
Turizm, Fakültə dekanı, professor
(+994 22) 111111
y.humbetov@atu.edu.az
Hümbətov Yusif Əbülfət oğlu 1 yanvar 1964-cü ildə Xanlar rayonunun (hazırda Samux rayonu) Sərkar kəndində anadan olmuşdur. Orta təhsilini 1971–1981-ci illərdə Samux rayonu Nizami adına Sərkar kənd orta məktəbində almışdır. 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Yeyinti istehsalının maşın və aparatları” ixtisasına qəbul olmuş, 1986-cı ildə həmin ixtisas üzrə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1986–1988-ci illərdə Moskva vilayətinin Solneçnoqorsk şəhərində hərbi xidmət keçmişdir.
Əmək fəaliyyətinə 1986-cı ildə Azərbaycan Respublikasının Quba rayonunda Konserv zavodunda mexanik kimi başlamışdır. 1991-ci ildən etibarən təhsil sahəsində çalışmış, 1991–1997-ci illərdə Gəncə Yüngül Sənaye Texnikumunda laborant, müəllim və baş müəllim vəzifələrində fəaliyyət göstərmişdir. 1997-ci ilin iyun ayından 2012-ci ilin dekabr ayına qədər Gəncə Humanitar Kollecində iqtisadiyyat müəllimi, şöbə müdiri və tərbiyə işləri üzrə direktor müavini vəzifələrində işləmişdir.25 aprel 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasında dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2010-cu ildən Azərbaycan Texnologiya Universitetində pedaqoji fəaliyyətini davam etdirmiş, “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” kafedrasında baş müəllim, dosent əvəzi, daha sonra dosent kimi çalışmışdır. 2016-cı ildə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.2013-cü ildə doktoranturaya qəbul olunmuş, 23 fevral 2022-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 17 yanvar 2023-cü il tarixli qərarla iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır. 2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin “Turizm sənayesinin təşkili” kafedrasının müdiri kimi fəaliyyət göstərmiş, 15 aprel 2026-cı il tarixindən isə Turizm fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.Hümbətov Yusif Əbülfət oğlu iqtisadiyyat istiqamətində elmi dərəcəli kadrların hazırlanmasında fəal iştirak edir, doktorant və dissertantlara elmi rəhbərlik edir. O, 100-dən çox elmi əsərin, o cümlədən beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrin, tezis və konfrans materiallarının, eləcə də 1 dərslik, 9 dərs vəsaiti, 3 monoqrafiya və 50-yə yaxın fənn proqramının müəllifidir. YAP üzvüdür. Ailəlidir, üç övladı var.